Əsas səhifə > Qan Yaddaşımız > Xankəndi Şəhəri tarixi və işğalı

Xankəndi Şəhəri tarixi və işğalı

Tanınmış Azərbaycan şəhəri Xankəndi bölgəmizin gənc şəhərlərindən sayılır. 5 minillik tarixi olan Naxçıvan, 3 minillik tarixi olan Gəncə, 2 minillik tarixləri olan Bakı, Bərdə ilə müqayisədə Xankəndinin 250 illik tarixi əlbəttə çox az hesab edilir.

Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlıqlarının başçılarının – xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərilərinə yaxın olması da əsas götürülüb. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı.

İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.

Qeyd edilməlidir ki, Azərbaycanın İsmayıllı rayonunun ərazisində də Xankəndi adlanan yaşayış məntəqəsi var. Araşdırmalar onun da o regionun xanları tərəfindən salındığını sübut edir. Digər tərəfdən ölkəmizin 19 rayon ərazisində Xan adı ilə başlayan 26 yaşayış məntəqəsi vardır. (Xanabaq, Xanbulaq, Xankeçən, Xanagah və s.) Elə Xankəndinin yerləşdiyi Əskəran rayonu inzibati dairəsinə Xan adı ilə başlayan 2 kənd – Xanadrax və Xansk daxildir. Həmin inzibati dairəyə daxil olan 53 kəndin 39 min adı isə təmiz Azərbaycan adıdır. Xan adlı iki kənd də – Xanlıqpəyə və Xanalı Qarabağ xanlığının mərkəzi olan Şuşa rayonunun inzibati ərazisində yerləşir.

Qarabağ xanlığını zorən Rusiya imperiyasına birləşdirən 1813-cü il Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşmışdı. Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edir. Əvvəlki həyat tərzi dağıdılır, Azərbaycan cəmiyyəti üçün ənənəvi olan sülalələr bölgüsü qadağan edilir, hər şey imperiyanın maraqlarına tabe etdirilir.

Yer hərbi hissə üçün çox əlverişli idi. Bir tərəfdən çara tabe olmaq istəməyən Şuşanı və ətrafdakı xeyli Azərbaycan məskənlərini nəzarətdə saxlamaq mümkün idi. Digər tərəfdən, Xankəndiyə İrandan köçürülən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı var idi.

Çar çinovniklərinə digər bölgələrdə olmasa da, Xankəndində etnik proporsiyanı müəyyən qədər pozmaq mümkün oldu. 1813-ci ildə Xankəndində heç bir erməni və rus ailəsi yaşamasa da, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var idi.

Rusiya işğalından dərhal sonra orada çar ordusunun Qafqaz süvari diviziyasının qərargahı və kazarmaları yerləşdirildi. Ermənilər və rus zabitləri yaşayış məskənini “ştab” adlandırsalar da, 1847-ci il çar Rusiya xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşür.

Çar işğalından sonra böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirilir, etibar doğurduqlarına görə çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin edilirdilər. 1900-cu ildə Xankəndində artıq 3 min əhali yaşayır, hətta ikisinifli məktəb də fəliyyət göstərirdi. Şəhərdə 1-ci Sujeno-Vladiqafqaz Tersk kazak qoşun postu yerləşdirilir.

Məqsədli yeridilən etnik siyasət nəticəsində ötən əsrin əvvəllərində Xankəndində erməni və rus əhalisinin sayı xeyli artır. Ancaq bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayırdılar. Məqsədli təcrid siyasətinə baxmayaraq onlar Xankəndində ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşmalı olurdular.

1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndindən də yan ötmədi . XIX əsrdə tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı torpaqlarına yerləşdirilmiş İran erməniləri orada Ermənistan dövləti elan etdilər. Bununla kifayətlənməyən erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına iddia etməyə başladılar. Bunun üçün erməni hərbi birləşmələri həmin bölgələrdəki azərbaycanlılar yaşayan şəhər və kəndlərə hücum edir, dinc insanları qətliam edirdilər. Bakı, Şamaxı, Quba, Göyçay, Göyçə, Zəngəzur qırğınlarına aid arxiv sənədləri indi də durur.

Həmin dövrdə qanlı qarşıdurmalar eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, o cümlədən Xankəndində də baş verirdi. Erməni millətçiləri vaxtilə qulluq etdikləri Xankəndində yerləşən çar ordusu hərbi hissəsinin imkanlarından da geniş istifadə edirdilər. Sonradan 1992-ci il fevralın 26-da onlar bu metodu təkrarlayaraq Stepanakertdə yerləşən dağılan Sovet Ordusunun 366-cı polkundan istifadə edərək Xocalı soyqırımını törətdilər.

1918-1920-ci illərdə müstəqil Azərbaycanın Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün oldu.

1921-ci ildə Xankəndi qəsəbəsində 85 təsərrüfatda 398 azərbaycanlı, 226 təsərrüfatda 981 erməni yaşayırdı. Sovet hakimiyyəti illərində erməni millətçi dairələrinin Azərbaycan torpaqları iddiası Lenin, Stalin və Orconikidzenin dəstəyi ilə yeni forma almağa başladı. Buna 1920-ci ildə Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi olmuş erməni Anostas Mikoyanın və 1921-1925-ci illərdə həmin vəzifəni tutmuş ermənipərəst bolqar Sergey Kirovun apardığı siyasət də rəvac verdi. Bu siyasət nəticəsində 1923-cü il iyulun 4-də Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Zaqafqaziya bürosunun iclasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin taleyi məsələsi müzakirə edildi.

Acınacaqlıdır ki, Azərbaycan torpağının taleyini buna müstəsna hüququ olan Azərbaycan xalqı deyil, siyasi təşkilatın büronun 9 nəfər üzvü həll etməyə girişdi. Onların isə 3-ü erməni, 3-ü gürcü, 1-i bölgəyə yad olan bolqar, ancaq biri – Nəriman Nərimanov azərbaycanlı idi. Bu çoxluq isə həmin iclasda bütn qanunları və reallıqlar kənara qoyaraq Dağlıq Qarabağı Ermənistana vermək qərarına gəlir.

Ancaq N.Nərimanovun Moskvaya qəti etirazı bir gün sonra büronun əvvəlki qərarını ləğv edərək bölgəyə muxtariyyat verilməklə Azərbaycanın tərkibində saxlamaq qərarını verməyə məcbur edir. Görünür, Lenin və Stalin artıq İrəvan, Zəngəzur və Göyçəsi əlindən alınmış Azərbaycanın Qarabağ itkisində gərgin situasiyanın yaranacağını nəzərə alırdılar. Həmçinin Azərbaycan rəhbərlərinin kənardan gəlmə 1921-ci ildə A.Mikoyan, 1921-25-ci illərdə isə S.Kirov olmasını respublikanı ikinci Ermənistan kimi qəbul etməsinə şərait yaradırdı.

Beləliklə,RKP MK Zaqafqaziya bürosu Dağlıq Qarabağa mərkəzi Şuşa şəhəri olmaqla Azərbaycan daxilində muxtariyyat verilməsi qərarı verir. Ancaq o dövr Azərbaycan rəhbəri olan ermənipərəst Sergey Kirov və onun ətrafı sırf azərbaycanlı şəhəri olan Şuşada erməni muxtariyyatını qurmağın çətin olacağını dərk edirdilər. Nəzərə almaq lazımdır ki, Zaqafqaziya bürosunun adıçəkilən hər iki iclasında Azərbaycan rəhbəri S.Kirov Dağlıq Qarabağın Ermənistana verilməsi variantını müdafiə edirdi.

7 iyul 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar vilayətinin təşkil edilməsi barədə qərar qəbul edir. Vilayətin erməniləşdirilməsi məqsədi ilə vilayət mərkəzi büronun qərarının əleyhinə olaraq Şuşa deyil, əhalisinin yarıya qədəri erməni sakini olan Xankəndi götürülür.

Maraqlı məqamlardan biri də ermənipərəst Kirovun dəstəyi ilə qısa bir zamandan sonra Xankəndinin adının dəyişdirilməsidir. 6 oktyabr 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə DQMV-nin erməni əhalisinin müraciəti nəzərə alınaraq Xankəndi qəsəbəsinin adı dəyişdirilərək Stepanakert adlandırıldı. Nəyə görı bütün vilayət əhalisinin deyil, ancaq erməni əhalisinin müraciətinin nəzərə alınması sualına isə cavab yoxdur.

Bu zaman Stepan Şaumyanın Azərbaycana 1914-cü ildə gələrək 1918-ci ildə yoxa çıxdığı, 1917-1918-ci illərdə Azərbaycan xalqına qarşı qətliamın təşkilatçısı olduğu, onun Dağlıq Qarabağla, konkret olaraq Xankəndi ilə heç bir əlaqəsi olmadığı respublikanın o vaxtkı rəhbərliyini qətiyyən maraqlandırmırdı. Elə indi də erməni işğalçılarının işğal altında olan Xankəndini bolşevik və qətliam törədicisi Şaumyanın adı ilə Stepanakert adlandırması onların əsl mahiyyətindən xəbər verir.

Avstriyanın Erix Fayql tarix professoru 2006-cı ildə bildirmişdi: “Xankəndi və Şuşa simvoldurlar. Xankəndinin tarixi Azərbaycanın yüksək mədəniyyətinin göstəricisidir. Bu gün tarix saxtakarları Xankəndini Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın adı ilə çağırırlar”.

Ancaq bütün sovet dövründə Azərbaycan ictimaiyyəti şəhəri qeyri-rəsmi olaraq Xankəndi adlandırmaqda davam edirdi.

Sonralar tarix sübut etdi ki, Moskvanın məqsədi Azərbaycanın ərazi bütövlüyünü qorumaq yox, onun içərisində erməni millətçiliyinin dayağı olaraq respublikaya daim problem yaradacaq mərkəzin yaradılması idi. DQMB yaradılandan SSRİ dağılanadək nəinki Xankəndinin, hətta irili-xırdalı bütün təşkilatların rəhbərləri ancaq erməni millətindən olan şəxslər təyin edilirdilər.

Regionun və şəhərin tarixi, mədəni ənənələri və etnik tərkibi bir kənara atılaraq ancaq erməni xətti qabardılmağa çalışılırdı. Məsələn, 1926-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Levon Mirzoyan (o, 1926-1929-cu illərdə respublikaya rəhbərlik edib) Xankəndinin baş planının tərtib edilməsi üçün Ermənistandan Azərbaycana Aleksandr Tamanyan adlı arxitektor dəvət edir. Bu o Mirzoyandır ki, hakimiyyətinin axırıncı ilində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasındakı Mığrı rayonu (ermənilər ora sonradan Meqri adı verdilər) Ermənistana verildi və bununla da Naxçıvan anklava çevrildi.

A.Tamanyanın təklifi və Azərbaycanın rəhbəri L.Mirzoyanın razılığı ilə1926-cı ildə Xankəndinin baş planı qəbul edilir. Onun planı isə Qarabağ şəhərsalma mədəniyyəti ilə tam ziddiyyət təşkil edirdi.

Maraqlıdır ki, A.Tamanyanın nəvəsi və adaşı Aleksandr Tamanyan 1988-ci ildən başlayan Qarabağ erməni icmasının separatizm hərəkatında fəal etmişdir.

Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayır.

26 dekabr Azərbaycanın respublika tabeli şəhəri – Yuxarı Qarabağın mərkəzi olan Xankəndinin işğal günüdür. Xankəndi 26 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və orada separatçı rejim yaradılıb. Məhz həmin tarixdə Xankəndindən sonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən şəhərdə soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatıb.

1991-ci il dekabrın 26-da Xankəndini itirdik, onda bilmirdik ki, bizləri qarşıda Xocalı soyqırımı, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın işğalı gözləyir.

Yuxarı Qarabağın mərkəzi, Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 329 km aralıda yerləşən Xankəndi Azərbaycanın inkişaf etmiş sənaye mərkəzidir. Şəhərdə yüngül və yeyinti sənayesi müəssisələri var. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, mebel fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris istehsalat kombinatları belə müəssisələrdəndir.

Tarixi sənədlərə görə Xankəndi şəhəri XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlıqlarının xanların istirahəti üçün yaşayış məskəni kimi salınıb.  Elə şəhərin adı buradan yaranıb. 1813-ci ilədək bircə nəfər erməninin də yaşamadığı Xandəndində sonralar çar Rusiyası tərəfindən etnik təmizləmə siyasəti aparılıb və bura İrandan köçürülən ermənilər yerləşdirilib.

SSRİ dövründə Xankəndində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti daha da güclənib, şəhərdə erməni ailələrinin sayı süni surətdə artırılıb. 1923-cü ildə Rusiya İmperiyasının siyasətilə Azərbaycanın tərkibində mərkəzi şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Bundan sonra vilayətin erməniləşdirilməsi siyasəti aktivləşib. 6 oktyabr 1923-cü ildə ermənilərin müraciəti nəzərə alınaraq Xankəndinin adı dəyişdirilərək Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb. Muxtar Vilayətdə rəhbər vəzifələrə ermənilər irəli çəkilib. Beləliklə də Xankəndi erməni işğalı altına düşüb.

Keçmiş SSRİ dövründə Xankəndində yaşayan azərbaycanlılar tədricən buradan didərgin salınıblar.
1988-ci il hadisələri başlayanda Xankəndində erməni əhalisi azərbaycanlılardan xeyli çoxluq təşkil edirdilər. Həmin vaxt azərbaycanlıların sayı 17 minə yaxın idisə, ermənilər artıq 40 min nəfərədək artmışdılar.
1988-89-cu ildə Xandəndi artıq erməni separatizminin mərkəzinə çevrilmişdi. Moskvanın himayəsilə güclənən erməni separatizm sonuncu azərbaycanlıları 26 dekabr 1991-ci ildə Xankəndindən qovmağa nail oldular. Və şəhərin işğalı tam başa çatdırıldı.

Təəssüf ki, bu gün işğal tarixləri qeyd olunarkən Xankəndinin işğalı bir çox hallarda unudulur.
Hətta Təhsil Nazirliyinin nəşrlərində, məktəblilərin ən vacib vəsaiti hesab olunan “Məktəbli kitabçası”nda Azərbaycanın işğal olunmuş əraziləri göstərilən səhifədə ermənilər tərəfindən zəbt edilmiş rayonlar arasında Xankəndi şəhərinin adı göstərilməyib.
Halbuki, Qarabağdakı erməni separatçılarının özlərinə paytaxt seçdikləri Xankəndinin işğal tarixini məktəblilər digər rayonların işğal tarixləri ilə bərabər əzbər bilməlidirlər.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: